Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

FƏALİYYƏT TARİXİMİZ

 

Azərbaycan Sovetlər Ittifaqı dövründə müttəfiq respublikalar arasında iqtisadi və elmi potensialına görə aparıcı yerlərdən birini tuturdu. Bu işdə 1964-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında təşkil edilmiş Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun  xidmətləri  çox olmuşdur. Yeni yaradılmış İnstitut həmin dövrdə Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk tədqiqat idarəsi idi və əsas fəaliyyəti xalq təssərrüfatının inkişafı, məhsuldar qüvvələrin yerləşdirilməsi ilə bağlı baş sxemlərin  hazırlanmasından ibarət idi.


1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə xalq təsərrüfatının sürətlənən inkişafı İnstitutun fəaliyyətində böyük canlanma yaratdı. Bunun nəticəsində ölkədə iqtisadiyyatın planlaşdırılması və inkişafında yeni dövrün əsası qoyuldu, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu. 1977-ci ildə İnstitutun yeni binası istifadəyə veril­ərək, onun maddi-texniki baza­sı və kadr potensialı möhkəmləndirildi.


Bu dövrdə həyata keçirilmiş elmi əsaslara söykənən düzgün planlaşdırma nəticəsində Azərbaycan Sovet İttifaqı Respublikaları arasında özünü təmin edən və ittifaq iqtisadiyyatına töhvə verən iki ən qabaqcıl respublikadan biri idi.


Dövlət müstəqilliyinin ilk illərində belə, ağır şəraitə baxmayaraq, İnstitut ölkədə müstəqil milli iqtisadiyyatın formalaşması və bazar münasibətlərinə keçidlə əlaqədar başlanılmış köklü islahatlara öz elmi töhvələrini verməyə davam etmişdir.


1993-cü ildə ümummilli lider H.Əliyevin xalqın tələbilə ölkə rəhbərliyinə yenidən qayıdışı bütün sahələrdə olduğu kimi elmi-tədqiqat işlərinin təşkili və idarə olunmasında, o cümlədən, İnstitutun fəaliyyətində də müsbət dəyişikliklərə səbəb oldu. Belə ki, 1994-cü ildə ölkədə həyata keçirilən iqtisadi islahatların elmi əsaslarının hazırlanmasında çevikliyin, ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi ilə İnstitutun bazasında İqtisadi İslahat­lar Mərkəzi yaradıldı. Bu dövrdən etibarən Mərkəzin fəaliyyəti bazar münasibətlərinə keçid şərai­tində aparılan islahatların strategiya və taktikasının müəyyənləşdirilməsinə yönəldi.


Ulu öndər H.Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanda elmin inkişafına göstərdiyi diqqət və qayğı  İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan da yan keçmədi.


2006-cı ildə Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutu və İqtisadi İslahatlar Mərkəzi ləğv edilərək əvəzində yeni İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu yaradıldı.


Bu tarixdən etibarən İnstitut öz fəaliyyətini əsasən artıq əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində elmi əsasların  işlənilməsinə yönəldərək bir sıra mühüm elmi nailiyyətlərə imza atdı. Əldə olunmuş  uğurlar sırasında yeni yaradılmış Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modeli (AzMod) xüsusi əhəmiyyət kəsb edir.


Qısaca olaraq, AzMod adlanan bu model iqtisadiyyatın səmərəli idarə edilməsində, konkret olaraq ssenari planlaşdırması və təhlilləri, təsirin qiymətləndirməsi, proqnozlaşdırma və siyasət təhlili prosesində müstəsna rol oynayır.


Eyni zamanda, AzMod modelinin informasiya bazası kimi çıxış edən Azərbaycanın Sosial Hesablar Matrisi hazırlanmışdır ki, bu ölkəmizin demək olar ki, bütün iqtisadi göstəricilərini bir cədvəldə təqdim etməyə imkan verir, 19 fəaliyyət sahəsini və 5 iqtisadi agenti özündə birləşdirməklə, 47 müxtəlif  balansı 7 blokda bir  araya gətirir.


Həmçinin model 19 iqtisadi sahə üzrə onlarla makroiqtisadi və sahəvi göstəriciləri hesablamaq və mükəmməl təhlillər aparmaq üçün əlverişli imkanlar yaradır. Bundan başqa, AzMod təsir analizləri və ssenari qiymətləndirmələri, məlumat mübadiləsi və siyasət qərarlarının uzlaşdırılması baxımından qurumlararası platforma rolunu oynaya bilir. Bununla da o, iqtisadi siyasət üzrə qərarların qəbulunun səmərəliliyini, operativliyini və icrasına nəzarətin keyfiyyətini artıraraq qurumlararası məlumat və fikir mübadiləsini təmin edir, statistikadan ümumi istifadə və daimi təkmilləşmə prosesini sürətləndirmiş olur.


Bu istiqamətdə aparılan tədqiqatları dərinləşdirərək İnstitut AzMod ilə yanaşı, ölkəmiz üçün Sosial Hesablar Matrisinin (SAM) multiplikativ modellərinin tam əksəriyyətini, sahələrarası balans modellərinin bütün modifikasiyalarını, o cümlədən dinamik və  regional modelləri qurmuş, müəssisələrin sosial hesablar matrisini tərtib etmişdir.


Həmçinin sahələr və regionlararası rəqabət və sahibkarlığın strukturu İnstitut tərəfindən qiymətləndirilmiş, aqrar-sənaye kompleksinin rəqabətə davamlılığı və ixrac potensilının qiymətləndirilməsi metodologiyası işlənmişdir.


Aqrar-sənaye kompleksinin 200-dək məhsulu və xidmətləri üzrə məhsullararası balans tərtib edilərək, İnstitut tərəfindən sahənin kompleks inkişafını təmin edən bir çox konkret biznes-layihə təklifləri hazırlanmışdır.


Ekoloji təmiz kənd təsərrüfatının inkişafı konsepsiyasının layihəsi işlənmiş və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlıq qurulmuşdur.


Ölkə prezidenti tərəfindən təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dovlət Proqramı” layihəsi İnstitut  tərəfindən ərsəyə gətirilmişdir.


Bundan başqa, Azərbaycan respublikasının iqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması aparılmış və prioritetlər müəyyənləşdirilmişdir.


Ölkədə çox komponentli faktorlara əsaslan yoxsulluq səviyyəsinin qiymətləndirilməsi metodologiyası işlənilmiş və bununla da sözügedən sahə üzrə rəsmi dövlət göstəriciləri elmi müstəvidə isbat olunmuşdur.


Mənzil-kommunal təsərrüfatında islahatların sistemli aparılması üçün mexanizmlər işlənmiş, kommunal xidmətlərin  dövlət  tənzimlənməsi üçün  qanunvericilik  bazası  hazırlanmışdır.


Sənayedə investisiya və innovasiyaların təşviqi, elmin transfer mərkəzlərinin və sənaye parklarının inkişafı, emal sənayesində klasterlərin işlənilməsi məqsədilə İnstitutda “İnnovasiya və Təlim Mərkəzi” yaradılmışdır.


Bu gün İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ölkənin sosial-iqtisadi inkişaf mənzərəsini əks etdirən “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf göstəriciləri”, “İqtisadi rayonların sosial-iqtisadi pasportları” və digər dövrü Elmi Əsərlər toplusunu dərc edir, iqtisadiyyatın ayrı–ayrı sahələri və sahibkarlığın inkişafı üzrə müxtəlif nəşrlər hazırlayır.


İnstitut respublikamızın bir çox elm və təhsil mərkəzləri, eyni zamanda 20-dən artıq xarici ölkənin elm mərkəzi, onlarla beynəlxalq təşkilat və maliyyə qurumları ilə daima əməkdaşlıq edir.


Əldə edilən önəmli nailiyyətlərdən biri də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasıdır. Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsünü ilk dəfə Ulu Öndər Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 14 oktyabr 2002-ci il Zirvə toplantısında irəli sürmüş, bu tarixdən başlayaraq Mərkəzin yaradılması istiqamətində müvafiq işlər görülmüşdür. Təşkilatın 5 may 2006-cı ildə Bakıda keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Mərkəzin yaradılması üzrə bənd Bakı deklarasiyasına salınmış və görülən işlərin uğurlu nəticəsi olaraq 2013-cü ilin sonunda Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi yaradılmışdır.


Bu hədəfə nail olmaq üçün İnstitut Təşkilatın İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun, “İqtisadiyyat” Jurnalının Redaksiya Heyətinin və Beyin mərkəzləri Forumunun təsis olunmasının əsas təşəbbüskarlarından olmuş və bu istiqamətdə tədbirlərin keçirilməsinə ev sahibliyi etmişdir.


Bu gün də İnstitutda mütəmadi olaraq çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli forumlar təşkil olunur, konfrans, seminar, simpozium, dəyirmi masa və digər tədbirlər keçirilir. İnstitutun təşkilatçılığı ilə keçirilmiş konfranslar sırasında I Bakı Forum-Konfransını xüsusilə qeyd etmək lazımdır. Bu silsilədən olan II Bakı Forum-Konfransı isə İnstitutun 50 illik yubileyi çərçivəsində keçirilir.


Fəaliyyət göstərdiyi yarım əsr ərzində İnstitut yüksək ixtisaslı kadrların hazırlanmasında da danılmaz uğurlar əldə etmişdir. Təsadüfü deyil ki, bu gün  Azərbaycanda və onun hüdudlarından kənarda, elm və tədris müəssisələrində, dövlət icra və qanunvericilik strukturlarında, o cümlədən özəl sektorda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun yetişdirdiyi yüzlərlə alim və mütəxəssislər  çalışmaqdadırlar.


Qürurla demək olar ki, əsas fəaliyyəti “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq sosial-iqtisadi inkişafın elmi əsaslarının yaradılmasına yönəlmiş Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu son 50 il ərzində öz şərəfli və məsuliyyətli missiyasının öhdəsindən uğurla gəlməkdədir.

 

AzSSR Qərar (2 oktyabr1964-cü il tarixli №635 nömrəli)

AR Prezidentinin Fərmanı(28 dekabr 2006-cı il tarixli №504 nömrəli)

AR Prezidentinin Fərmanı(17 yanvar 1994-cü il tarixli №98 nömrəli)

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.