Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

PARTNYORLARLA İŞ

 

Dövlət müstəqilliyinin elan edildikdən sonra ölkəmiz bir-sıra, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq həyata keçirməyə, dünya arenasında fəal şəkildə təmsil olunmağa başlamışdır. Bu istiqamətdə təbii olaraq, istənilən təşkilat öz profilinə uyğun olaraq, beynəlxalq inteqrasiyanın iştirakçısına çevrilərək, beynəlxalq tədbirlərə ev sahibliyi edir, xaricdə keçirilən elmi-texniki tədbirlərin iştirakçısı olmağa çalışır.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu öz növbəsində son illərdə iqtisadi tədqiqatların aparılması, kadr potensialının gücləndirilməsi, məlumat mübadiləsinin artırılması, tərəfdaş xarici və beynəlxalq qurumlarla, donor təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətlərində işlər aparmışdır.

 


ƏZİZ OXUCU!

Əməkdaşlıq əlaqələri üzrə görülmüş işlərdən bəzilərini SİZLƏRİN diqqətinizə çatdırırıq!

 

Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI ilə səmərəli əməkdaşlığını davam etdirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində ötən il Bakıda İƏT-in Tədqiqat Mərkəzinin yaradılması istiqamətində işlər aparılmış, eləcə də birgə əməkdaşlıq çərçivəsində 2013-2014-cü illərdə 1-ci və 2-ci «Bakı Forum-Konfrans»ları, «İqtisadiyyat» Jurnalının Redaksiya Heyətinin 1-ci və 2-ci iclasları, İƏT üzv ölkələrinin nümayəndələri üçün təlim təşkil edilmiş, həmçinin İƏT tərəfindən digər üzv ölkələrində təşkil etdilmiş tədbirlərdə, eləcə də qurumun Regional Planlaşdırma Şurasının iclaslarında fəal şəkildə iştirak edilmişdir.

 

Dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri də neft gəlirlərindən səmərəli istifadə edərək qeyri-neft sektorunu daha da inkişaf etdirmək və dayanıqlı inkişaf edən iqtisadiyyata elmi dəstək göstərməkdir. Bu istiqamətdə istər yerli potensialın öyrənilməsi, istərsə də beynəlxalq təcrübədən əsaslı şəkildə istifadə olunmasının böyük əhəmiyyəti vardır. Belə ki, İnstitut tərəfindən 2009-2010-cu illərdə BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI İNKİŞAF PROQRAMININ BAKI NÜMAYƏNDƏLİYİ ilə «Azərbaycanda rəqabət qabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım» layihəsi çərçivəsində Azərbaycanın nəqliyyat, ticarət, tranzit, kənd təsərüfatı, turizm və regional iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi mövzularında təqdiqat işləri həyata keçirilmişdir.

 

Ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərin elmi əsaslarla təhlili və inkişaf meyillərini əks etdirən proqrnozların hazırlanması, ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili və qiymətləndirilməsi iqtisadi-riyazi hesablamalara əsaslanan «AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD PLATFORMADA ÜMUMİ TARAZLIQ MODELİ»nin qurulmasına gətirib çıxarmışdır.  Bu çərçivədə «EcoMod Network» Şirkəti (Global Economic Modelling Network) ilə əməkdaşlıq edilmiş, «Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin işlənilməsi» mövzusunda layihəsi həyata keçirilmişdir. Həmçinin bu əməkdaşlıq çərçivəsində İnstitutun əməkdaşları mütəmadi olaraq, «İqtisadi Modelləşdirmə (EcoMod2010, EcoMod2011, EcoMod2012, EcoMod2013)» mövzusunda beynəlxalq konfranslarda iştirak etmiş, tədqiqatların nəticələrinə dair təqdimatlarla çıxış etmişlər.

 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun qarşısında duran digər məsələlərdən biri də kənd təsərrüfatının, o cümlədən ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə elmi tədqiqatların aparılması olmuşdur. Bu sahənin ölkədə yeni tətbiqi ilə əlaqədar 2011-ci ildən etibarən Türkiyə Respublikası Baş Nazirliyinin TÜRK  ƏMƏKDAŞLIQ VƏ KOORDİNASİYA AGENTLİYİNİN (TİKA) Bakı nümayəndəliyi ilə əməkdaşlığa başlanılmış, 2011-2012-ci illərdə «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda tədqiqat işi həyata keçirilmişdir.

 

Tədqiqat işinin nəticəsində Gəncə şəhərində «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və davamlı inkişaf», Bakı şəhərində «Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu» mövzularında elmi-praktiki konfranslar, «Ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin qiymətləndirilməsi üçün SWOT təhlil», «Ekoloji təmiz kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişaf perspektivləri» və «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri» mövzularında dəyirmi masalar təşkil edilmiş, orta məktəb şagirdləri üçün dərs vəsaiti hazırlanmış, 2012-2017-ci illərdə ekloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə tədbirlə planının layihəsi hazırlanmışdır.

 

«2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən bu istiqamətində müvafiq tədqiqatlar aparılmış, müvafiq təklif və tövsiyələr verilmişdir. İnstitutun direktoru Vilayət Vəliyev 2012-ci ildə  Türkiyənin İzmir şəhərində keçirilmiş BEYNƏLXALQ ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ TƏŞKİLATININ (OIV) 10-cu toplantısında iştirak etmiş, OİV-in nümayəndələri ilə əlverişli şəraitə və potensiala malik olan ölkəmizdə üzümçülüyün və şərabçılığın inkişafı istiqamətində fikir mübadiləsi aparılmışdır.

 

İnstitut tərəfindən üzümçülük və şərabçılıq sahəsində mütərəqqi beynəlxalq sığorta və lizinq xidmətləri təcrübəsinin öyrənilməsi, kənd təsərrüfatının subsidiyalaşdırılması sahəsində mövcud vəziyyətin təhlili və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla bu prosesin təkmilləşdirilməsi, müvafiq təklif və tövsiyyələrin hazırlanması üzrə tədqiqatlar aparılmışdır.

 

Xarici ekspertlərin məruzələri ilə İnstitutda müxtəlif seminarlar təşkil edilməsi, həmçinin ölkəmoz haqqında məlumatların yayılması, onun daha geniş kütləyə əyani şəkildə tanıdılması istiqamətində işlərin aparılması daima aktuallığını qorumuşdur.

 

Belə ki, 2013-cü ilin 4-5 iyun tarixlərində ABŞ-ın  Brandies Universitetinin MBA tələbələri üçün «ÖLKƏ TURU: AZƏRBAYCAN» mövzusunda görüş keçirilmiş, ölkəmizə ilk dəfə qədəm qoymuş tələbələr üçün istər İnstitutda, istərsə də digər qurumlarda təqdimatlar təşkil edilmişdir.

 

Davamlı inkişafın təmin olunmasının mühüm istiqamətlərindən biri ixtisaslaşmış və innovasiyaya meyilli, rəqabətə davamlı müasir sahibkarlığın inkişafıdır. Bu baxımdan, ölkədə sənayeləşmənin inkişafı etdirilməsi üçün kiçik və orta sahibkarlığın hədəf olaraq seçilməsi və dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Sahibkarlığın daha da inkişaf etdirilməsi elmi-tədqiqat və təhsil müəssisələrinin qarşılıqlı səmərəli şəkildə əlaqələndirilməsini şərtləndirir.

 

Bununla yanaşı, xarici təcrübənin və ölkəmizdə regional sahibkarlığın və potensialın araşdırılması nəticəsində elmi-tədqiqat işlərinin istehsalata tətbiqi sürətləndirilir. Bu istiqamətdə  2013-cü ilin 3 iyun tarixində Bakı şəhərində İnstitutun, Türkiyənin ÖZYEĞİN UNİVERSİTETİNİN, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə «Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda konfrans keçirilmişdir. Konfransda sahibkarlığın inkişafında Türkiyə təcrübəsinin öyrənilməsi, bu sahədə Azərbaycandakı təşkilatlarla əməkdaşlıq  imkanları müzakirə edilmişdir.

 

Konfrans çərçivəsində həmçinin, «VİRTUAL BİRJA» ONLİNE MÜSABİQƏsi keçirilmiş və qaliblər mükafatlandırılmışdır. Müsabiqə Türkiyənin ATIG (Advised Trading Investment Group) Qiymətli Kağızlar təşkilatı və Özyeğin Universitetinin birgə təşkilatçılığı ilə 2013-cü ilin 8 aprel-6 may tarixlərində internet vasitəsilə təşkil edilmişdir. Müsabiqədə 166 nəfər Azərbaycanlı tələbə iştirak etmişdir.

 

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində birgə tədqiqatların aparılması, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili üçün 2010-2015-ci illərdə Moldova, Cənubi Koreya, Türkiyə, Ukrayna, Macarıstan, Qazaxıstan, Qırğızıstan və s. ilə ikitərəfli və çoxtərəfli anlaşma memorandumları, əməkdaşlıq müqavilələri imzalanmışdır.

 

Xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə işlərin genişləndirilməsi ilə yanaşı, əməkdaşların xarici elmi, elmi-texniki tədbirlərdə fəal şəkildə iştirakının dəstəklənməsi sayəsində xüsusilə 2010-2015-ci illərdə İnstitutun əməkdaşları müxtəlif maliyyələşmə yolları ilə Almaniya, Avstriya, Belçika, Belorusiya, Çexiya, Çin, Cənubi Koreya, Fransa, Maldova, Macarıstan, Türkiyə, Tajikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İran, Gürcüstan, Portuqaliya, İndoneziya, Hindistan, Ukrayna, Rusiya Federasiyası, Estoniya və Malaziyada səfərdə olmuşlar. Ümumilikdə qeyd olunan dövr ərzində 124 səfər həyata keçirilmişdir ki, bir-çox səfərlərin xərcləri təşkilatçılar və yaxud donor qurumlar tərəfindən ödənilmişdir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.