Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

İİETİ-nin yaranmasının 50 illik yubileyinə həsr olunmuş

 

İKİNCİ

BAKI «FORUM-KONFRANSI» (ECO2014)

 

1-3 oktyabr 2014-cü il  

Bakı şəh., Azərbaycan Respublikası

 

İkinci «Bakı Forum-Konfransı» İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), «EcoMod Network» Şirkəti və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə maliyyə dəstəyi və təşkilatçılığı ilə 2014-cü ilin 1-3 oktyabr tarixlərində Bakı şəhərində keçirilmişdir.


Bu barədə fikir Birinci «Bakı Forum-Konfransı»nın yekununda irəli sürülmüş və beləliklə sayca ikinci tədbir İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun yaranmasının 50 illik yubileyinə həsr olunmuşdur.


II «Bakı Forum-Konfransı»nın təşkilatçıları İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) «EcoMod Network» Şirkəti olmuşlar.


 

 


II «Bakı Forum-Konfransı»nda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankının (IDB) Almata ofisinin, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC), İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun (ECOSF), ODTU Texnoparkın, Beynəlxalq Elmi və Texniki Məlumat Mərkəzi (ICSTI), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TIKA) Bakı Proqram Koordinasiyasının, Dünya Bankının (WB) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, yerli və xarici elmi-tədqiqat qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.


Ümumilikdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tajikistan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Pakistan, Əfqanıstan, İran, Macarıstan, Hindistan, Fransa, Belçika, Belorusiya, İtaliya, Tailandan, Ukrayna, Astraliya, Almaniya, Rusiya, Böyük Britaniya, Yaponiyadan 60 nəfər xarici qonaqla yanaşı, ümumilikdə 300 nəfərədək nümayəndə iştirak etmişdir.


Üç gün davam edən II «Bakı Forum-Konfransı» çərçivəsində 3 plenar, 26 ixtisaslaşdırılmış sessiyalarda–ümumilikdə 98 təqdimat dinlənilmişdir ki, onlardan 3-ü «Energetika və ətraf mühit», 3-ü «İnvestisiya problemləri», 13-ü «Neftkimya», 22-si «Modelləşdirmə», 4-ü «Sosial və iqtisadi inkişaf», 6-sı «Kənd  təssərrüfatı», 4-ü «Sosial problemlər», 6-sı «İnnovasiyalar», 6-sı «Enerji» («Neftkimya»), 7-si «Ticarət problemləri», 4-ü «Sektorlara xas olan problemlər», 4-ü «Regional inteqrasiya məsələləri», 3-ü «Vergi və dövlət maliyyəsi», 4-ü «Sənaye» və 3-ü «Ətraf  mühit  məsələləri» mövzularını əhatə etmişdir.

 

PARALEL TƏDBİRLƏR

 

II «Bakı Forum-Konfransı» akademik sessiyalarla işini davam etdirdiyi müddətdə bu və ya digər aktual məsələlərə dair (paralel) tədbirlər həyata keçirilmişdir.

 

Onlardan birincisi 2014-cü ilin 1 oktyabr tarixində keçirilən «İqtisadi Əməkdaşliq Təşkilati Üzv Ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin Yüksək Səviyyəli Nümayəndələri»nin 2-ci iclası olmuşdur.

 

İclasda İƏT region ölkələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, bilik və potensialın, məlumat mübadiləsinin əhəmiyyəti və qurumlararası qarşılıqlı fəal əməkdaşlığın genişləndirilməsinə dair perspektiv imkanların müzakirəsindən ibarət olmuşdur. İclasda «İƏT üzv ölkələrin Beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektiv imkanları», «İƏT Tədqiqat Mərkəzi (ECORC)-nin Fəaliyyət Strategiyası» və «Ekoloji  təmiz  kənd təsərrüfatının (ETKT) inkişaf perspektivlərini əhatə edən tədqiqatların aparılması və imkanların genişləndirilməsi» mövzularında təqdimatlarla yanaşı,  regional əməkdaşlıqda qurumlararası əlaqələrin gücləndirilməsi məqsədilə «İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunu (ECOSF)» (məruzəçi: prof. Manzoor SOOMRO (Pakistan)), «Pakistanın İnkişaf edən İqtisadiyyatlar İnstitutunun (PIDE)» (məruzəçi: xanım Afia MALİK (Pakistan)) və «Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutnun (ERI)» (məruzəçi: cənab Aset  İRGALİYEV (Qazaxıstan)) mövzularında təşviqat xarakterli təqdimatlar dinlənilmişdir. 

 

İkinci tədbir 2014-cü ilin 2 oktyabr tarixində «Sənaye, Modelləşdirmə, Tədqiqat və İnkişaf» mövzusunda Dəyirmi Masa olmuşdur.

 

Dəyirmi masada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələri ilə yanaşı, yerli və xarici beynəlxalq qurumların, ayrı-ayrı təşkilatların əməkdaşları da iştirak etmişlər. «Sənaye», «İqtisadi modelləşdirmə» və «Tədqiqat və İnkişaf» kimi 3 əsas sessiyada müzakirələrin aparıldığı Dəyirmi Masada  «Sənaye» sessiyasına İstanbul Ticarət Univesitetinin (Türkiyə) professoru Murat YÜLEK; «İqtisadi Modelləşdirmə» sessiyasına «EcoMod Network» Şirkətinin (Belçika) prezidenti Əli BAYAR və «Tədqiqat və İnkişaf» sessiyasına isə ODTU Texnoparkın (Türkiyə) vitse prezidenti Ufuk BATUM rəhbərlik etmişlər.


Ümumilikdə isə sənaye və iqtisadi inkişafda, sənaye yönümlü rəqabətqabiliyyətlilikdə tədqiqatlar və onların maliyyələşdirilməsi; uzun və qısamüddətli hədəflər üçün modelləşdirmə və tətbiq imkanları, çətinlikləri; iqtisadiyyatda balanslaşdırma siyasəti; post-Sovet ölkələrində maliyyələşmə imkanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları mövzularına dair təqdimatlar (məruzələr) dinlənilmiş və maraqlı müzakirələr aparılmışdır. Belə ki, «Yaponiyanın energi keçidində texnoloji model və tədqiqat strategiyaları» (məruzəçi: Hiroşi HAMASAKİ, Fujitsi Tədqiqat İnstitutu (Yaponiya)), «Beynəlxalq Elmi və Texniki Məlumat Mərkəzi (ICSTI): çoxşaxəli fəaliyyətlər və layihələr» (məruzəçi: Marina TUMANOVA, Mərkəzin direktor müavini (Rusiya))) və «Macarıstanda tədqiqatların maliyyələşdirilməsi imkanları üzrə siyasətin analizi» (məruzəçi: Laszlo VASA, Obuda Universitetinin dosenti (Macarıstan)) mövzularındakı təqdimatlar dinləyicilərin xüsusi marağına səbəb olmuşdur.


 

BAĞLANIŞ MƏRASİMİ

 

Oktyabrın 3-də II «Bakı Forum-Konfransı»nın bağlanış mərasimində İƏT regionunda fəal əməkdaşlığın, birgə tədqiqatların nəticələrinə dair plenar təqdimatlarla «Azərbaycan, Qazaxıstan və Qırğızıstanın Sosial Hesablar Matrisinin qurulması və multiplikativ modellər» (Malik MEHDİYEV və Suat ŞİŞİK), «Qazaxıstan Respublikasının balanslı iqtisadi artımı» (professor Sailau BAİZAKOV, İqtisadi Tədqiqatlar İnstitutu (Qazaxıstan)) və həmçinin «İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrində ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi» mövzusunda tədqiqat işinin icrasına dair müqavilə imzalanmışdır.


 

ZİYAFƏT (QALA GECƏSİ)

 

Bağlanış mərasimindən sonra oktyabrın 3-də II «Bakı Forum-Konfransı»nın iştirakçıları, həmçinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun keçmiş və indiki əməkdaşları, çoxsaylı qonaqlar Ziyafətdə iştirak etmişlər.


Ziyafət gecəsində fəxri qonaqlarından İstanbul Ticarət Universitetinin (Türkiyə) professoru cənab Murat YÜLƏK «İqtisadi planlama və sənayeləşmə siyasətləri: inkişafın səmərəli iki aləti» mövzusunda təqdimatla öz təbrikini çatdırmışdır.


Qonaqlar yubiley münasibətilə öz təbriklərini çatdırdıqdan sonra başa çatan rəsmi hissə bədii hissə ilə davam etdirilmişdir. Azərbaycan Respublikasının və keçmiş SSRİ-nin xalq artisti Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, istedadlı gənc laureatların ifasında Azərbaycan xalq və lirik musiqilərdən ibarət, qonaqların zövqunu oxşayan bədii hissə Gecəyə xüsusi rəng qatması ilə yanaşı, qonaqlara unudulmaz, xoş anlar bəxş etmişdir.


 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.