Рейтинг@Mail.ru

“İqtisadi siyasət üçün təsir analizləri” mövzusunda təlim başa çatmışdır

  • 02 Mart 2016


22-26 fevral tarixlərində Qırğızıstanın Bişkek şəhərində Qırğızıstanın Maliyyə Nazirliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (IDB), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “AEEC Təlim və Tədqiqat Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə “İqtisadi siyasət üçün təsir analizləri” mövzusunda ikinci regional təlim keçirilmişdir.  

 

Tədbirdə Əfqanıstan, Pakistan, İran, Türkiyə, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələrlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İqtisadi modelələşdirmə və analitik təhlil şöbəsinin baş elmi işçisi Malik Mehdiyev təlimçi və Marketinq və Koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova dinləyici qismində iştirak etmişlər.

 

Təlimin məqsədi iqtisadi siyasətinin analitik təhlili üçün metodoloji yanaşmaların tətbiqinə dair müvafiq məlumat bazasının formalaşdırılması və sahə üzrə mütəxəssislərin hazırlanmasıdır. Tədbirdə xərc-buraxılış cədvəlləri, Sosial Hesablar Matrisi, tarazli qiymətlər, kapital modeli və ümumi multiplikativ modelləri haqqında məlumat verilmiş, praktiki məşğələlər keçirilmişdir.

 

Təlimin sonunda iştirakçılara Qırğızıstanın Maliyyə Nazirliyinin adından Fəxri fərmanlar, təşəkkürnamə və sertifikatlar təqdim edilmişdir. Təşəkkürnaməyə layiq görülənlər arasında İnstitutumuzun əməkdaşı Aynurə İsmayılova da olmuşdur.

 

Xatırladaq ki, İƏT-lə əməkdaşlıq çərçivəsində ilk təlim 2014-cü ildə Bakı şəhərində İnstitutun təşkilatçılığı ilə Bakıda təşkil edilmişdir.



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


 

13.png
  • 02 Mart 2016
  • 1253