Рейтинг@Mail.ru

"Sənayeləşmə və innovativ inkişaf" mövzusunda ictimai müzakirə keçirilmişdir

  • 05 İyul 2016

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 mart 2016-cı il tarixli Sərənacamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”, 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və aidiyyəti qurumlara tapşırıqlar verilmişdir.

 

Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına müvafiq olaraq, iyulun 5-də Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda ictimai müzakirə keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyinin, dövlət və özəl sənaye müəssisələrinin nümayəndələri, sahibkarlar, gənc alim və doktorantlar iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova iqtisadi diversifikasiyasının məqsədinin yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in, yerli və dünya bazarında rəqabətqabiliyyətliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi olduğunu qeyd etmiş, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatın yeni mərhələyə keçdiyini, innovativ inkişafa qədəm qoyduğunu bildirmişdir. S.Həsənova iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayaraq, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Son 10 il ərzində Azərbaycanda neftdən əldə edilmiş gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb. S.Həsənova həmçinin, 2016-cı ilin may ayında qəbul edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritəsi”nin, sənayenin və innovativ inkişafı dəstəkləyən dövlət proqramlarının qəbulunu və uğurlu icrasının əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sek­to­ru­nun və regionların inkişafı daha da sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Qeyd edilmişdir ki, əvvəlki illərdə iqtisadi artım əsasən neft sekto­ru­nun hesabına baş verirdisə, 2011-ci ildən başlayaraq bu tendensiya dəyişməyə başlamışdır. Vurğulanmışdır ki, Azərbaycanda mövcud olan milli sənayenin inkişafını təmin etmək məqsədilə ölkədə sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılır. Belə ki, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, investisiyaların təşviqi, biznes forumların təşkili və digər tədbirlər sayəsində ölkəmizdə sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir. Bildirilmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 noyabr 2015-ci il tarixindən 2 il müddətinə dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş (yeni verilən lisenziyalar müddətsiz verilir), lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmış, sahibkarlara olan qayğının nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi “Sahibkarlar günü” elan edilmişdir.

 

Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri açılmışdır. Ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədi ilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasimli Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz  və ya 1/3-ə qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına əsasən, Azərbaycan Avropada sənayenin ÜDM-dəki payına görə ilk yerlərdə olub. Azərbaycanda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin də xüsusi çəkisi artmaqdadır. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır. Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoymuşdur. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, həmçinin iqtisadiyyatın rəqabət qabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün münasib institutsional mühit və makroiqtisadi şərait, habelə dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Milli iqtisadiyyatın strateji yol xəritəsi ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcəkdir.

 

Azərbaycan Prezidentinin Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək mövcud qlobal iqtisadi şəraitdə aparılan iqtisadi islahatları genişləndirməklə müntəzəmliyinin təmin edilməsinin, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağrışlardan və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların və içtimai iştirakçılıq sistemlərinin tətbiqinin zəruriliyindən danışmışdır.

 

 “Azərbaycanda sənaye və innovasiyaların inkişaf” mövzusunda məruzə ilə çıxış edən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev son illərdə həyata keçirilən tədbirləri və mövcud inkişafı nəzərə alaraq, Azərbaycanda sənayenin davamlı inkişafı üçün nəzərdə tutulan amillərdən bəhs etmişdir.

 

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli Azərbaycanda sənayenin mövcud vəziyyəti və inkişaf istiqamətləri, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Parkda aparılan işlər, rezidentlərin fəaliyyət sahələri barədə məlumat vermişlər.

 

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin direktor müavini Hüseyn Paşayev çıxışında şirkətin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmış, sənayenin inkişafında yeni mexanizmlərin tətbiqinin əhəmiyyətini vurğulamışdır.

 

Tədbirdə sənayenin inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılmış, ölkənin aparıcı sənaye müəssisələrinin nümayəndələrinin bu sahədə fikirləri dinlənilmişdir.  



Tədbirin şəkilləri



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


238.jpg
  • 05 İyul 2016
  • 1367