Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 2015/2016-cı tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

  • 19 Oktyabr 2015


Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2015-ci il tarixli, 285s nömrəli Sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2015/2016-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya Azərbaycan Respublikasının vətəndaşlarına müsabiqə yolu ilə qəbul elan edir.

 

Sənədlər 2015-ci il oktyabrın 17-dən noyabrın 10-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək qəbul ediləcək.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil­dən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uy­ğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc­­­mində qəbul im­ta­han­­ları verirlər.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

 

Dissertantlıq yolu ilə təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir. 

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

-        ərizə (direktorun adına);

-        kadrların şəxsi-qeydiyyat vərəqi;

-        tərcümeyi-hal;

-        4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-        iş yerindən xasiyyətnamə (işləyənlər üçün);

-        əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);

-        çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (dissertanturaya sənəd verənlər isə seçdiyi ixtisas üzrə çap olunmuş elmi əsərlərin siyahısını təqdim etməlidir);

-        fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə);

-        ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-        xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

-        şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Doktoranturaya daxil olmaq istəyənlərə imtahanlara buraxılmaq haqqında bildiriş verilir və bu bildiriş iş yerindən əmək haqqı saxlanılmaqla məzuniyyət verilməsi üçün əsas sayılır.

 

Maraqlananlar “Respublika” qəzetinin 17 oktyabr 2015-ci il tarixli 226 (5387) №-li sayı ilə tanış ola bilərlər (http://www.respublica-news.az/images/pdf/2015.10.17.pdf)

 

Ətraflı məlumat almaq üçün İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Elmi Katibliyinə müraciət etmək olar:

Əlaqə telefonu: (+99412) 430 01 70;

Ünvan: AZ 1011, Bakı şəhəri, H. Zərdabi prospekti, 88-a

İnternet səhifəsi: http://www.ier.az 

 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



29.jpg
  • 19 Oktyabr 2015
  • 1240