Рейтинг@Mail.ru

“CAREC 2030 strateji hədəflər” mövzusunda müzakirə keçirilmişdir

  • 21 İyun 2017


15 iyun tarixində Qazaxıstanın Astana şəhərində Asiya İnkişaf Bankı (ADB), CAREC Proqramı və Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “CAREC 2030-strateji hədəflər: Mərkəzi Asiya İqtisadiyyatlarının Birgə Çiçəklənməsi” mövzusunda müzakirə keçirilmişdir.

15-16 iyun “Yeni Enerji – Yeni İqtisadiyyat” mövzusuna həsr edilən Astana İqtisadi Forumu 2017 çərçivəsində təşkil edilən tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d., professor Vilayət Vəliyev ölkəmizi təmsil edənlərin sırasında olmuşdur.


Tədbirdə məqsəd 2016-cı ilin oktyabr ayında İslamabad şəhərində (Pakistan İslam Respublikası) Nazirlər Konfransında qəbul edilən qərara əsasən yeni CAREC 2030 Strategiyasının mövcud dəyişkən iqtisadi şəraitə uyğun qiymətləndirilməsi və təhlilindən ibarət olmuşdur.

Son illərdə dünyada və regionda iqtisadi vəziyyətin dəyişməsi, buna uyğun olaraq bir sıra ölkələrdə iqtisadi islahatların aparılması, ölkələrin xarici ticarət rejimində yeniliklərin baş verməsi, ümumən yeni iqtisadi çərçivə və çoxtərəfli təşəbbüslərin yaradıldığını nəzərə alaraq, CAREC proqramının yeni strategiyasının hazırlanmasına ehtiyac yaranmışdır. Hazırlanacaq “CAREC 2030” strateji sənədi hazırkı hədəflərlə yanaşı yeni inkişaf məqsədlərini və fəaliyyət sahələrini də özündə əks etdirəcək.

Bir-sıra digər məsələlərlə yanaşı, CAREC 2030 Strateji Sənəddə CAREC-in İnstitusional Çərçivəsində Nazirlər Konfransının yüksək səviyyəli siyasət forumuna çevrilməsi; Yüksək Vəzifəli Rəsmilərin İclasının səlahiyyətlərinin artırılması; daha dərin nəticələrə nail olmaq üçün mövcud sektor komitələrinin optimallaşdırılması və islahatı; tapşırığa və problemə əsaslanan müvəqqəti ekspertlər qrupunun yaradılması; beynəlxalq tərəfdaşların rolu, proqramda iştirakı və bütün səviyyələrdə CAREC İnstitutuna dəstək göstərilməsi istiqamətlərində mümkün dəyişikliklər nəzərdə tutulmuşdur.

Xatırladaq ki, CAREC Proqramı ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsi yolu ilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə 2001-ci ildə təsis edilmişdir.

Hazırda Proqrama Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tajikistan, Türkmənistan və Özbəkistan olmaqla 11 ölkə daxildir. Ölkəmiz isə 2003-cu ildən qoşulmuşdur.

2001-2016-cı illərdə Asiya İnkişaf Bankı (ADB) ilə yanaşı Proqrama digər 5 tərəfdaş – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Fondu (IMF), İslam İnkişaf Bankı (IDB), Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (UNDP) və Dünya Bankı (WB) üzv dövlətlərlə birgə təqribən 30 milyard ABŞ dolları həcmində vəsait investisiya qoyulmuşdur. Sözügedən vəsait qoyuluşu enerji, nəqliyyat, ticarətin leqallaşdırılması və ticarət siyasəti kimi 4 strateji istiqamətlər qoyulmuşdur. Qeyd edək ki, Asiya İnkişaf Bankı (ADB) CAREC-in Katibliyi qismində çıxış edir.   


© İstifadə zamanı www.ier.az saytına istinad zərurirdir.




314.png
  • 21 İyun 2017
  • 223