Рейтинг@Mail.ru

Ali təhsil müəssisələrinin inkişafında beynəlxalq və milli reytinqlərin rolu təhlil edilmişdir

  • 27 Noyabr 2017

“Azərbaycan müəllimi” qəzetinin 9 noyabr 2017-ci il tarixli sayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova və  Azərbaycan Respublikasının Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin aparıcı mütəxəssisi Esmira Əhmədovanın birgə müəllifliyi ilə “Azərbaycanın ali təhsil müəssisələrinin inkişafında reytinqlərin rolu” sərlövhəli məqalə işıq üzü görmüşdür.

 

Müəlliflər məqalədə maddi rifahın əsas mənbələrindən biri kimi daima dəyişən şəraitə uyğunlaşa bilən çevik bacarıqlara sahib kadr potensialının formalaşmasında ali təhsil müəssisələrinin rolu, onların dünya meyllərinə inteqrasiya imkanını şərh etmişlər.

 

İqtisadi inkişafın qiymətləndirilməsi və dünyanın müxtəlif ölkələrindəki ali təhsilin müqayisəsi üçün əsas meyarlardan biri kimi qəbul edilən universitetlərin beynəlxalq reytinqlərində ölkəmizin təmsil olunması, habelə, ali təhsil sisteminin rəqabətqaəbiliyyətinin artırılmasında onların nəzdindəki elmi tədqiqatların nəticələrinin dünya reytinqlərinə təsirlərini vurğulamışlar.   

 

Ali təhsil müəssisələrinin qiymətləndirilməsində ümumi tarixi iyirmi ilə çatmayan beynəlxalq reytinqlərin tərtib olunması meyarlarını təhlil edən müəlliflər, ali təhsil müəssisələrinin dünya universitetlərinin akademik reytinqi və ya Şanxay reytinqi (Academic Ranking of World Universities, ARWU), QS Reytinqi (QS World University Rankings, QS), Tayms Reytinqləri (Times Higher Education World University Rankings, THE) onların hazırlanması metdologiyası və meyarlara, ayrı-ayrı reytin sistemlərində universitet nəzdində elmi tədqiqat fəaliyyətinin xüsusi çəkisindəki fərqli yanaşmalara, ziddiyyət və çatışmamazlıqlara, hazırda bu 3 aparıcı reytinqdə (QS, THE və ARWU) mövcud olan yeni yanaşmaya nəzər yetirmişlər.

 

Reytinqlərdə layiqli yer tutmağın uzun və mürəkkəb bir proses olduğunu vurğulayan müəlliflər, qlobal müasir tələblərə cavab verə bilən şəffaf və səmərəli təhsil islahatlarının həyata keçirilməsinin dünya miqyaslı reytinqdə təmsil olunma imkanı yaratmağa kifayət etmədiyini, hazırda ölkəmizdə mövcud olan 49 universitet və 10 filialın hansı sahədə güclü olmalarının müəyyənləşdirmənin və sahəvi inkişaf xəttini izləmələrini qeyd edirlər. Bununla belə, müstəqillik illərində Azərbaycan ali məktəbləri boş dayanmamış, ciddi inkişaf və modernləşmə yolu seçərək, onlardan 3-ü ilk dəfə olaraq, səkkizinci beynəlxalq "2011/12 QS World University Rankings”də təmsil olunmuşlar. Onların bu siyahının “701+ və 801+” qrupunun sonlarında yer almalarına baxmayaraq, müəlliflər bu nəticəni ölkəmiz adına kifayət qədər təqdirəlayiq hal hesab etmişlər.

 

Sonda müəlliflər, mövcud dünya təcrübəsinə əsaslanaraq, ümumilikdə qəbul edilmiş metodologiya çərçivəsində, universitetlərin milli reytinqini inkişaf etdirməyi təklif edir, onun mümkün faydalarına nəzər yetirərək təşkil edilmə mexanizmindən bəhs etmişlər.

Məhz bu şəkildə ölkəmizin ali təhsil məktəblərinə yeni keyfiyyət səviyyəsinə çıxmaq, təhsil xidmətlərinin milli bazarında öz mövqələrini gücləndirib inkişaf etdirmək imkanları verəcəyinə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədi olan keyfiyyətli insan kapitalının formalaşmasına səbəb olacağına əminliklərini vurğulamışlar.

 

Məqalənin azərbaycan və rus dillərində geniş mətni ilə tanış olmaq istəyənlər aşağıdakı keçidlərdən istifadə edə bilərlər:

http://muallim.edu.az/content/?category=arxiv&issue=43-2017&content_id=03

http://www.1news.az/news/o-roli-reytingov-v-razvitii-vysshih-uchebnyh-zavedeniy-azerbaydzhana---chast-i

http://www.1news.az/news/o-roli-reytingov-v-razvitii-vysshih-uchebnyh-zavedeniy-azerbaydzhana-kak-sozdat-vuz-mirovogo-klassa-chast-2

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.        



335.jpg
  • 27 Noyabr 2017
  • 112