Рейтинг@Mail.ru

Mərkəzi Asiyanın beyin mərkəzlərinin inkişaf Forumu keçirilmişdir

  • 24 İyun 2016


20-21 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində Asiya İnkişaf Bankı (ADB) və Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun (CI) birgə təşkilatçılığı ilə Mərkəzi Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu keçirilmişdir.

 

Bu ilki Forumun mövzusu „Bütünləşmiş Mərkəzi Asiya üçün İqtisadi Əməkdaşlığın Dəstəklənməsi“ olmuşdur. Tədbirdə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tajikistan, Türkmənistan, Özbəkistan, Monqolustan, Pakistan İslam və Çin Xalq respublikalarından hökumət və beyin mərkəzlərini təmsil edən, habelə beynəlxalq təşkilatlardan nümayəndələr iştirak etmişlər.

 

Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Malik Mehdiyev və İnnovasiyanın inkişafı şöbəsinin aparıcı elmi işçisi Fariz Məmmədov olmuşlar.

 

Forumda Orta Asiyanın iqtisadi görünüşü, infrastruktur, rəqabətqabiliyyətliliyin yaxşılaşdırılması, əməliyyat planları və birgə fəaliyyətlər, beyin mərkəzləri şəbəkəsinin rolları kimi mövzularda müzakirlər aparılmışdır. 

 

Xatırladaq ki, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CI) bilik institutu kimi CAREC regionunda keyfiyyətinin yüksəldilməsi üçün biliklərin genişləndirilməsi və potensialın artırılması yolu ilə iqtisadi artımın sürətləndirilməsi məqsədilə Asiya İnkişaf Bankı (ADB) tərəfindən 1996-cı ildə yaradılmışdır.

CAREC-in 10 üzvü var ki, onlar Azərbaycan, Əfqanıstan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tajikistan, Türkmənistan, Özbəkistan və Pakistandır. 

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


7.png
  • 24 İyun 2016
  • 1487