Рейтинг@Mail.ru

Oğuzda regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı ilə bağlı tədbir keçirilmişdir

  • 07 İyun 2014


İyunun 6-da Oğuz rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak etmişdir.

 

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Vurğulanmışdır ki, əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir.

 

Sahib Məmmədov bu ilin fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulamışdır.

 

Hazırda Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur. 2014-cü ilin birinci rübü ərzində də ölkə iqtisadiyyatında inkişaf dinamikasının yüksələn xətlə davam etdiyini bildirən Sahib Məmmədov bu dövrdə 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradıldığını vurğulamışdır. Bildirilmişdir ki, 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.

 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Oğuz rayonunda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat vermişdir. Nazirliyin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov çıxışında 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.

 

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat vermişlər.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.



79.jpg
  • 07 İyun 2014
  • 1054